ŞƏHİDLƏR UNUDULMUR!
Bu gün Qanlı 20 Yanvar hadisələrindən 25 il ötür. Qara Yanvar və ya 20 Yanvar faciəsi — (Daha geniş məlumat üçün klikləyin.) 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı.
Həmin gündən Azərbaycanda qərənfil al qana boyanmış şəhərin rəmzi olaraq, bu hadisədən sonra qırmızı qərənfil ölkəmizdə matəm gülüdür. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə ALLAH Rəhmət Eləsin!.
ŞƏHİDLƏR!
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalim öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü, -
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, – deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə.