Monday, November 2, 2015

Jack London Martin Eden

Martin İden axtarılır.


    Bu kitabı oxumağa dəyər. İstənilən dövrun insanı üçün marağını heç vaxt itirməyəcək bir kitabdır. Dünyaya Martinin gözündən baxmaq və onunla birlikdə dəyişmək. Kitabı oxuduğum zaman özümü məhz belə hiss edirdim. Dəyişən təkcə Martin deyildi, həm də dünya dəyişirdi. O bir insan kimi inkişaf etdikcə, kamilləşdikcə dünya da onun əvvəlki gördüyü dünyaya bənzəmirdi. Ən sevdiyim isə bunu yazıçının yox, Martinin öz ağzından oxumağımız idi. Burada Martin Edenin/İden əslində yazıçı Cek Londonun öz avtobioqrafiyası olma ehtimalının da rolu var. 
   Kitabın əsas obrazı, Martin dənizçidir. Həyatının çox hissəsini evdə yox gəmidə keçirir. Martin təsadüfən varlı ailədən olan Arturu küçədə döyməyə çalışan oğlanlardan xilas edir və əvəzində Artur onu öz evinə yeməyə dəvət edir.Məhz bu hadisə həyatının dönüş nöqtəsinə çevrilir. Martin yüksək təbəqənin həyatı ilə tanış olur. Martinin Arturun evindəki ilk təəssüratları oxucu kimi məni kitaba ilk bağlayan şey oldu. Martin evdə nəyisə salıb sındırmaqdan ehtiyat edirdi. Özünü çox kobud hiss edirdi. Martin də digər öz təbəqəsindən olan insanlar kimi idi. Yüksək təbəqəyə heyranlığı görməmək mümkün deyil. Ancaq burada heyranlığın səbəbi heç də düşündüyünüz kimi cah-cəlallı həyat tərzi deyil. Bu insanlar savadlı, oxumuş idi. Məhz bu Martini çox cəlb edirdi. Martin evdə elə stolun üstündəki şeiri görür. Bu zaman isə otağa bir nəfər daxil olur. Arturun bacısı Ruf. Ruf Martinin indiyə qədər gördüyü və tanış olduğu bütün qızlardan fərqli bir qız idi. Martin bu evdə söhbətlərin çoxuna yad idi. Çünki burda hamı ali təhsilli idi. O isə heç məktəbi də tam bitirə bilməmişdi. Ancaq onun kitaba, elmə sevgisi hələ də dəyişməmişdi. Martin Ruf üçün həyatını dəyişməyi qərara alır. Kitabda əsas cahil insanla savadlı, təhsilli insanın fərqi önə çəkilir. Kitabı oxuduğunuz zaman Martin kimi kitab oxumaq sevginiz artacaq. Yüksək təbəqənin göründüyü kimi olmadığını göztərməsi də yazının kitabını mənim üçün daha da dəyərli edir. Kitab sadəcə bir sevgi hekayəsi deyil. Bir insanın inkişaf yoludur. Bir insanın nə qədər dəyişə biləcəyini öyrənirik. Martinin dəyişimi bir anda da baş vermir. Daha çox izlədiyimiz filmlərdə 1-2 saata dəyişən baş qəhrəmanlarla eyni deyil. Çünki bu kitab reallığa daha yaxındır. Digər sevdiyim şey isə, insanların məşhur deyilsə, dəyərli ilə dəyərsizi ayıra bilmədiyini göstərməsi idi. Martin Rufla görüşdən sonra oxumağı və hətta kitab yazmağı, özünə tamamilə yeni həyat yolunu seçir. Yeni insanlarla tanışlıq, köhnə tanışların tez-tez dəyişən davranışları ilə birlikdə biz həm də kasıb bir insanın sıfırdan həyatını yenidən qurma cəhdlərini görürük. Kitabda tez-tez Martin əvvəlki və indiki özünü müqayisə edir. Kitabda həm də Rufu tanıyırıq. Ruf Martinə dərs keçməyə razı olur. O ilk olaraq Martinin qrammatik səhvlərini düzəldir. Ruf tanıdıqca Martini daha çox dəyişməyə çalışır. O Martini öz atası və ya həmişə Martinə nümunə göstərdiyi mister Betler idi. Kitabda ən sevdiyim və yadımda qalan dialoqlardan biri isə Rufla Martinin Mister Betler haqqında olan dialoqlar idi. Qısa yazmalı olsam burada (dialoq kitabda təxminən 3 səhifədir buna görə də dialoqu bir az qısaltsam da əsas fikirlər eynidir, ancaq cümlələr kitabdakı ilə tam eyni olmaya bilər) -həmişəki dərs günlərindən birində Ruf Martinə mister Betleri tərifləyir. Onun həyatına çox aşağı təbəqədən başlayıb sonda isə belə varlı olaraq davam etməsi haqqında ağız dolusu danışır. Mister Betler cavanlığında gündüzlər işləyib, gecələr isə oxuyub, çox çətin vəziyyətdə tək yaşayıb. O qənaətlə yaşamağı öyrənib. Nəticədə bugün o çox varlıdır. Nəhayət istədiyi yerə çatıb. Martin isə buna cavab olaraq onun yaşamaqdan artıq zövq ala bilmədiyini deyir. Mister Betler gəncliyində istirahət etməyib. O həmişə az yeyib, çox işləyib. Yəginki indi onun mədəsi də xarabdır, elə deyilmi? Ruf təsdiq əlaməti olaraq başını tərpətdikdə Martin davam etdi. Əminəm ki, mister Betler həmişə qaraqabaq adamdır. Ətrafında danışıb gülən insanlar olanda oranı tərk edir. Qazandığı 3-4 dollarla yaşamağa çalışmış bir adamın xarakteri başqa cür ola da bilməzdi. Mister Betler həyatının ən gözəl vaxtlarını- cavanlığını qurban verib. Artıq o gəncliyindəki kimi hiss edə bilməz. O öz sağlamlığını, vaxtını pula dəyişib. 
Kitabdakı Martin İden obrazını çox bəyəndim. O dərəcə çox ki dünyada belə insan olsa da onunla söhbət edə bilsəm dedim. Elə buna görə də, başlığa Martin axtarılır yazmışam. Kitab haqqında çox yazmaq istəmirəm, ancaq mütləq oxumalı olduğunuz kitablardan olduğuna əminəm. Sizə nə isə qatacaq, sizi dəyişəcək bir kitabdır. Kitabın sonunu isə daha çox bəyəndim. Sonu bundan fərqli ola da bilməzdi. Kitabı oxuduğum zaman onu bitirmək heç istəmirdim. Kitab 463 səhifəlik olsa da bu sizə çox az gələcək. Klassik ədəbiyyat sevən ya sevməyən hər yaşda insan oxuya bilər. (uşaq kitabı olmadığını qeyd edim) Oxuduqca sizi düşündürən kitab axtarırdınızsa artıq tapmısınız. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...